CƏMİYYƏT
İlqar Rəhimov Syerra-Leoneyə səfər çərçivəsində ölkənin amputant futbol komandası ilə görüşüb
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti (MPK), Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti, Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov Syerra-Leoneyə səfər çərçivəsində ölkənin amputant futbol komandası ilə görüşüb və görmə məhdudiyyətli şəxslərin məktəbində olub.
Komitədən AZƏRTAC-a bildiriblər ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova amputant komandasının nailiyyətləri haqqında məlumat verilib.
Komitə prezidenti komandanın fəaliyyəti ilə tanış olduqdan sonra Azərbaycan amputant futbol komandası ilə yoldaşlıq görüşünün baş tutması üçün imkanların araşdırılmasına söz verib.
Sonra İ.Rəhimov görmə məhdudiyyətli şəxslərin məktəbində olub.
Məktəbin fəaliyyəti barədə ətraflı məlumat verilib, məktəb şagirdləri ilə görüş keçirilib.
İlqar Rəhimov görüş iştirakçılarına Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının fəaliyyəti, eyni zamanda, mövcud olan idman növləri barədə məlumat verib. O, görmə məhdudiyyətli şəxslər arasında idmanın təbliğ edilməsinin vacib olduğunu qeyd edib, ölkədə bu istiqamətdə işlərin uğurla aparılması üçün Syerra-Leonenin IBSA-ya üzvlüyünün yenidən bərpa edilməsini məqsədəuyğun hesab edib. O bildirib ki, IBSA vitse-prezidenti olaraq Syerra-Leonedə görmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafı üçün lazım olan dəstəyi göstərəcək.
Daha sonra uşaqlar qonaqlara öz bacarıqlarını nümayiş etdirib, mahnılar oxuyub, rəqs ediblər.