İQTİSADİYYAT
İltimas Məmmədov: Son bir neçə ayda ölkədə 120 min qanunsuz istifadə olunan telefon aşkarlanıb
Son bir neçə ayda ölkədə 120 min qanunsuz istifadə olunan telefon aşkarlanıb və onların istifadəsi tam dayandırılıb.
Bu barədə AZƏRTAC-a rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov məlumat verib. O bildirib ki, ölkədə ilin əvvəlindən başlayaraq ödənişsiz əsasla mobil telefonların “IMEI” kodlarının qeydiyyatı həyata keçirilir. Bu prosesin müşahidəsi göstərir ki, ölkə əhalisinin sayına nisbətən qeydiyyata alınan mobil telefonların sayı olduqca çoxdur. Azərbaycanda mobil telefonların “IMEI” kodlarının qeydiyyatının ödənişli əsasla həyata keçirilməsi nəticəsində qanunsuz telefonların qeydiyyata alınması ilə bağlı müraciətlərin sayı əhəmiyyətli dərəcədə azalıb.
İltimas Məmmədovun vurğulayıb ki, vətəndaşlar qeydiyyatdan keçən mobil telefon almalıdırlar. Telefon qeydiyyatdan keçmədiyi halda qanunsuz sayılır. Nəticədə vətəndaş sonra özü onun “IMEI” kodunu qeydiyyatdan keçirməli olur. Tətbiq olunan qaydalara əsasən, “IMEI” kodlarının qeydiyyatını mobil telefonları ölkəyə gətirən və satışı ilə məşğul olan şəxslər və şirkətlər təmin etməlidirlər.