CƏMİYYƏT
İman Nağıyev: Yazılı imtahanda hakimliyə namizədlər cinayət və mülki sahələr üzrə qərarlar tərtib etmək bacarıqlarını nümayiş etdiriblər
Bakı, 28 iyun, AZƏRTAC
Bu gün hakimliyə namizədlərin seçilməsi ilə bağlı müsabiqənin növbəti imtahan mərhələsi keçirildi. Bu proses dövlətimizin başçısı İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın icrasına xidmət edir. Həmin Fərmanda mövcud hakim ştatlarına əlavə olaraq, 200 yeni hakim ştatı yaradılıb. Həmin ştat vahidlərinin, eyni zamanda, digər vakant yerlərin doldurulması üçün hakimliyə namizədlərin seçilməsi prosesi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev iyunun 28-də hakimliyə namizədlər üçün Dövlət İmtahan Mərkəzində keçirilən yazılı imtahanla bağlı jurnalistlərə müsahibəsində deyib.
İman Nağıyev bildirib ki, vakant hakim vəzifəsinə namizədlərin seçilməsi prosesi mərhələli qaydada aparılır. Bu günədək beş mərhələ olub. Hazırda üçüncü mərhələ üzrə tədrisdən sonra namizədlərlə yazılı imtahan prosesi keçirilir. Bu imtahanda hakimliyə namizədlərə kazus xarakterli iki sual təqdim edilir. Bir sual mülki, digər sual isə cinayət sahəsi üzrədir. Onlar bu imtahanda tədris mərhələsində hakimlik peşəsinə hansı səviyyədə yiyələnmələrini nümayiş etdirməlidirlər. İmtahanda namizədlər verilmiş kazus xarakterli məhkəmə işlərini həll etməklə, cinayət və mülki sahələr üzrə qərarlar tərtib etmək bacarıqlarını nümayiş etdiriblər. Qaydalara uyğun şəkildə növbəti yoxlama mərhələlərimizi davam etdirəcəyik.
Bu gün yazılı imtahanda 46 nəfər iştirak edir. Ötən dövrdə yeni nəsil hakim korpusunun formalaşdırılması məqsədilə mindən çox hakimliyə namizədlə şəffaf prosedurlarla seçim prosesi keçirilib.
Bu mərhələdə isə hakimliyə namizəd olmaq üçün 200 nəfər ərizə verib. Bunlardan tədrisdən sonrakı mərhələdə 46 nəfər növbəti mərhələyə buraxılıb.
Komitə üzvləri, mütəxəssislər tərəfindən imtahanın nəticələri yoxlanıldıqdan təxminən bir ay sonra namizədlər onun nəticələrini öyrənə biləcəklər.