REGİONLAR
İmişli sakinindən külli miqdarda narkotik vasitə götürülüb VİDEO
İmişli, 30 mart, Aydın Yavərzadə, AZƏRTAC
İmişli sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib. Keçirilən əməliyyat zamanı heroin, metanfetamin və qurudulmuş marixuana zərərsizləşdirilərək dövriyyədən çıxarılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayon polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon sakini Hüseynli İbiş Adil oğlu üzərində heroin, metanfetamin və marixuana gəzdirdiyi üçün saxlanılıb. İbiş Hüseynli ifadəsində bildirib ki, daha öncə də narkotik vasitə aludəçisi olduğuna görə məhkumluq həyatı yaşayıb. O, hələ 2017-cı ildə məhkum olduğu vaxt dustaqxanada olan İran vətəndaşı ilə dostluq əlaqəsi qurub. İbiş cəzasını çəkib çıxdıqdan sonra həmin iranlı dostu ilə bir neçə dəfə telefonda danışıb. Sonuncu dəfə iranlı dostu İbiş Hüseynliyə zəng edib və rayonun Rəsullu kəndi ərazisində yerləşən qəbiristanlıqda bağlama olduğunu söyləyib. İbiş narkotik vasitə olan həmin bağlamadan özünə pay düşəcəyi üçün onu götürmək qərarına gəlib. O, bağlamanı götürüb qəbiristanlıqdan çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb. İbiş Hüseynli əməllərini etiraf edərək, peşman olduğunu söyləyib.
İmişli Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi Nazim Hümbətov bildirib ki, saxlanılan şəxsin üzərində gəzdirdiyi bağlamaya baxış keçirilən zaman narkotik tərkibli maddələr - xalis çəkisi 760 qram olan heroin, 980 qram metanfetamin və 1585 qram qurudulmuş marixuana aşkar edilib. Saxlanılan şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.