REGİONLAR
İmişlidə süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara 170 min 500 manat subsidiya ödənilib
İmişli, 30 noyabr, Mahir Babayev, AZƏRTAC
İmişlidə heyvandarlıq əsas təsərrüfat sahələrindən biridir. Dövlətin aqrar bölmənin digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına göstərdiyi hərtərəfli qayğı, son məhsula və bala alımına görə maldarlara verdiyi əlavə subsidiyalar rayonda bu sahənin inkişafına güclü təkan verib, mal-qaranın baş sayının artmasına səbəb olub.
Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilir, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilir. Süni mayalama yolu ilə doğulan hər baş buzov üçün dövlət tərəfindən 100 manat subsidiya verilməsi təsərrüfat sahiblərində heyvandarlığın inkişafında bu üsuldan geniş istifadə etmələrinə marağı daha da artırıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hazırda rayonda 6 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılmış 2 min 960 baş inək və düyədən 1715 baş buzov alınıb. Hər 100 inəyə 57 bala düşür. Doğulan buzovlara görə maldarlara ümumilikdə 170 min 500 manat subsidiya ödənilib.
Qeyd edək ki, hazırda İmişlinin heyvandarlıq təsərrüfatlarında 95 min 397 baş iribuynuzlu mal-qara saxlanılır ki, bunların da əksəriyyəti süni mayalanma yolu ilə cins tərkibi yaxşılaşdırılmış heyvanlardır.