REGİONLAR
İmişlidə tərəvəz sahələrindən 1520 tondan çox məhsul yığılıb
İmişli, 5 sentyabr, Mahir Babayev, AZƏRTAC
İmişli fermerləri cari ilin məhsulu üçün erkən yazda 178 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib. Fermerlər indiyədək 170 hektar sahənin məhsulunu toplayıblar ki, bu ümumi tərəvəz sahəsinin 95,5 faizini təşkil edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu mövsüm İmişli əkinçiləri 178 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə bol məhsul yetişib. Xeyli vaxtdır ki, sahələrdə yetişmiş məhsulun yığımı aparılır və bu günədək 170 hektar tərəvəz sahəsindən 1520,6 ton tərəvəz tədarük edilib. Hər hektarın məhsuldarlığı 96,5 sentner olub. Yığılmış məhsulun 20 tonunu yaşıl lobya, 346,6 tonunu xiyar, 527,3 tonunu pomidor, 51,8 tonunu badımcan, 170 tonunu soğan, 18,4 tonunu bibər, 100,5 tonunu sarımsaq, 58 tonunu yerkökü, 13 tonunu süfrə çuğunduru, 203 tonunu isə sair tərəvəz təşkil edib.
Əkinçilər, həmçinin becərdikləri 255,5 hektar bostan sahəsindən 2245,5 ton qarpız-yemiş də yığıblar.