REGİONLAR
İnam Kərimov: Aqrar sahə özünün dinamik inkişafı ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub
Bakı, 1 noyabr, AZƏRTAC
Aqrar islahatların müasir mərhələsində strateji yanaşmanın əsasını iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, neftdən asılılığın azaldılması, qlobal bazarlara daha sıx inteqrasiya olunması, məhsuldarlığın artırılması hesabına istehsal xərclərinin azaldılması və fermerlərin maddi rifahının yüksəldilməsi təşkil edir.
Bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov AZƏRTAC-a müsahibəsində deyib.
Nazir bildirib ki, hələ sovetlər dönəmində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan geridə qalmış respublikadan böyük potensiala malik aqrar-sənaye kompleksinin formalaşdırıldığı, mövcud resursların səmərəli istifadə edildiyi və intensiv inkişaf mexanizmlərinin geniş tətbiq olunduğu dinamik inkişaf edən ölkəyə çevrildi. Müstəqillik bərpa edildikdən sonra Ümummilli Liderin rəhbərliyi ilə tarixi əhəmiyyət kəsb edən aqrar islahatlar uğurla həyata keçirildi və kənd təsərrüfatının dayanıqlı inkişafı üçün möhkəm baza yaradıldı. 1990-1995-ci illərdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində kəskin azalma olduğu halda, 1995-ci ildən sonra bu sahədə davamlı artım əldə edildi. Ən əsası isə Ulu Öndərin siyasi iradəsi ilə həyata keçirilən aqrar islahatlar sayəsində azad bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan yeni sistemə uğurlu keçid təmin olundu.
Ötən 15 ildə aparılan böyük həcmli kompleks işlər sayəsində Azərbaycanın bu gün müasir inkişaf mərhələsinə daxil olduğunu vurğulayan İnam Kərimov bildirib ki, bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müstəqilliyimizin, təhlükəsizliyimizin, tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təmin olunmasında müəyyən edilən siyasi kurs dayanır. Digər sahələr kimi, aqrar sahə də özünün dinamik inkişafı ilə bu çağırışlara cavab verərək, keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlətimizin başçısının qəbul etdiyi siyasi qərarlar kənd təsərrüfatının inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə də geniş tətbiq olunmasına real zəmin yaradıb.
Nazir deyib: “Son illər bu istiqamətdə ölkəmizdə sistemli şəkildə həyata keçirilən islahatlar və göstərilən yüksək dövlət dəstəyi nəticəsində kənd təsərrüfatında istehsal göstəriciləri davamlı olaraq yüksəlib. Bu nəticələr daxili bazarda yerli istehsal hesabına təklifin artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə, fermerlərin gəlir əldə etmək imkanlarının yaxşılaşmasına şərait yaratmaqla bərabər, qeyri-neft ixracının artırılmasına da mühüm töhfə verib”.