İQTİSADİYYAT
İndiyədək Azərbaycandakı 200-dək yerli müəssisə BP-nin “Sahibkarlığın İnkişafı Proqramı”nı bitirib
Bakı, 28 noyabr, Nihad Budaqov, AZƏRTAC
BP və onun tərəfdaşları Azərbaycanda “Sahibkarlığın İnkişafı Proqramı”nı yenidən 2 il müddətinə uzadıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 28-də proqramın təqdimat mərasimində “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP və onun tərəfdaşlarının bu proqramı 2007-ci ildən bəri həyata keçirdiyini deyib. Bildirib ki, proqram BP şirkətinin Azərbaycanda yerli bazarın inkişafını dəstəkləmək istiqamətində gördüyü davamlı öhdəliyin bir hissəsidir.
“Layihə yenidən 2 il müddətinə uzadılır. Proqram BP-nin yerli şirkətlərin və biznesin dəstəklənməsinə yönəlmiş bütün səylərinin əsas xəttini təşkil edir. İndiyədək proqramda iqtisadiyyatın müxtəlif sahələrini və sektorlarını təmsil edən təxminən 2 min yerli kiçik və orta müəssisə iştirak edib. Onlardan təqribən 200-ü kursu bitirərək artım, inkişaf və təkmilləşmə vasitəsilə yüksək nəticələrə necə nail ola bilmək yollarını və bacarıqlarını öyrənib. Artıq bir neçə ildir ki, bu layihədə fəal iştirak edən müəssisələr üçün mükafat da təsis edilib”, - deyə o əlavə edib.
B.Aslanbəyli deyib ki, BP və tərəfdaşları əməliyyatlarında və layihələrində yerli şirkətlərin iştirakının artmasında maraqlıdır. Məqsəd Azərbaycandakı şirkətlərin öz bizneslərini inkişaf etdirilməsi səylərinə dəstək olmaqdır. Proqramı Azərbaycanın “Ekvita” MMC şirkəti həyata keçirəcək.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov isə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı və genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və hüquqlarının etibarlı müdafiəsi istiqamətində islahatların həyata keçirildiyini deyib. O bildirib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, həmçinin icazələrin sayının azaldılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi tədbirlərinin həyata keçirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apelyasiya şuralarının yaradılması həyata keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir.