SİYASƏT


İndoneziya parlamentarisi: Azərbaycanın işğaldan azad edilmiş əraziləri tezliklə öz rifahına qovuşacaq

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 1-də Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin Parlamentlərarası əməkdaşlıq komitəsi sədrinin müavini Mardani Ali Seranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan Fəzail İbrahimli onlara Azərbaycanın müstəqillik tarixindən söz açıb. O, Ermənistanın təcavüzü nəticəsində torpaqları işğal olunmuş Azərbaycanın danışıqlar yolu və beynəlxalq hüquq vasitəsilə ərazi bütövlüyünü bərpa etmək üçün 30 ilə yaxın səbir göstərdiyini və nəhayət öz gücü ilə düşməni torpaqlarından qovduğunu, ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Fəzail İbrahimli beynəlxalq təşkilatların, ölkələrin, o cümlədən İndoneziyanın Azərbaycanın bu haqq işinə verdiyi dəstəyi yüksək qiymətləndirib, buna görə təşəkkürünü ifadə edib.

İndoneziya parlamentinin nümayəndə heyətinin rəhbəri Mardani Ali Sera Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizə səfərlərindən məmnun qaldıqlarını bildirib, konfransın yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. Mardani Ali Sera Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı sevincini dilə gətirib və işğaldan azad edilmiş ərazilərin tezliklə öz rifahına qovuşacağına əminliyini bildirib. O, ölkələrimiz arasında əməkdaşlığın, parlamentlər səviyyəsində əlaqələrin inkişafının əhəmiyyətinə toxunub, münasibətlərimizin möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev və işçi qrupunun üzvü Elman Nəsirov iştirak ediblər.

Sonra söhbətdə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər mövzular barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.