SİYASƏT


İndoneziya televiziyası: Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır

Cakarta, 15 oktyabr, AZƏRTAC

Ermənistan ordusunun uzun illərdir işğal altında saxladığı Dağlıq Qarabağ və ona bitişik rayonlar Azərbaycan torpaqlarıdır və Ermənistan bu ərazilərdən çıxmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İndoneziyanın “TV 1” dövlət televiziya kanalına xüsusi müsahibəsində Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanmasından bu günə qədərki proseslər haqqında ətraflı məlumat verən səfir Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladıb. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, Ermənistanın həmin sənədlərin tələblərinə məhəl qoymaması nəticəsində bu işğalın artıq 28 ildir ki, davam etdiyini bildirib.

Həmin qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla, işğal etdiyi ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu vurğulayan səfir münaqişə zamanı bir milyon azərbaycanlının öz doğma yurdundan zorla çıxarılaraq, məcburi köçkün vəziyyətinə salındığını qeyd edib. Bildirilib ki, bir çox digər beynəlxalq qurumlar BMT Təhlükəsizlik Şurasının həmin qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının bu qətnamələrə uyğun şəkildə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə qəbul edilmiş norma və prinsiplər çərçivəsində tanıdığını, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını dəstəklədiklərini deyib. Ermənistan-Azərbaycan münaqişəsinin yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini söyləyib.

Müsahibədə, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının şərtlərini kobud şəkildə pozaraq, Azərbaycan şəhərlərini artilleriya atəşinə tutduğu, mülki əhalini, xəstəxanaları, məktəbləri, yaşayış yerlərini, ictimai obyektləri hədəfə aldığı haqqında geniş məlumat verilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.