ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda fövqəladə hallarla bağlı davranış qaydalarına dair söhbət aparılıb
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
İTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən institutun fövqəladə hallar komissiyasının sədri Şakir Mehdiyev Azərbaycanın Beynəlxalq Mülki Müdafiə təşkilatına 1993-cü ildən üzv olduğunu xatırladıb. Bildirib ki, institutda təhlükəsizliyin təmin olunması üçün bütün lazımi tədbirlər görülüb.
İnstitutun direktor müavini Mahmud Vəlibəyov müharibə və təbii fəlakətlər zamanı uşaqların həyatının və təhlükəsizliyinin qorunmasının dünya ölkələrini narahat edən əsas məsələlərdən biri olduğunu deyib. Bildirib ki, 2019-cu ildə Ümumdünya Mülki Müdafiə Günü üçün “Bizim vəzifəmiz uşaqların təhlükəsizliyini təmin etməkdir” şüarının seçilməsi də bununla əlaqədardır.
İTİ-nin Mülki Müdafiə qərargahının rəisi Xalıq Həsənov fövqəladə hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlər planının hazırlanmasının, istehsalat qəzaları və digər hadisələr üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Bu səbəbdən mülki müdafiə, təhlükəsizlik və fövqəladə idarəetmə şöbələrinin təhsil və mədəniyyət orqanları ilə əməkdaşlıq etməsinin zəruriliyini vurğulayıb.
Xalıq Həsənov təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə hallar zamanı davranış qaydalarını əyani olaraq nümayiş etdirib.