ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunda qlobal çağırışlara adekvat elmi tədqiqatlar aparılır
Bakı, 26 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu müasir çağırışlara adekvat reaksiya verərək, elm, təhsil, innovasiya və texnologiya kimi strateji sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsində, dövlətin milli təhlükəsizliyinin təmin olunmasında, ölkə başçısının qəbul etdiyi proqramların və bir sıra mühüm layihələrin hazırlanmasında yaxından iştirak edir. Bu qurumda İKT-nin aktual elmi-nəzəri və tətbiqi problemləri üzrə multidisiplinar elmi tədqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev institutun 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş tədbirdə bildirib. Alim bildirib ki, cari ildə institutda “Big Data” analitikası və “Data Mining” problemləri, informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq, rəqəmsal dövlətin formalaşması, “Industry 4.0” platformasında kiber-fiziki sistemlərin intellektual analizi, mürəkkəb bulud sistemlərinin intellektual analizi, proqram mühəndisliyi və proqram sistemlərinin analizi, elektron tibbin formalaşması, e-elm və elmmetriya, rəqəmsal transformasiyalar və rəqəmsal iqtisadiyyatın formalaşması üzrə, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri ilə bağlı əsaslı elmi tədqiqatlar aparılıb. Əldə edilmiş mühüm elmi nəticələr “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalara daxil olan yüksək impakt faktorlu jurnallarda nəşr olunub.