ELM VƏ TƏHSİL
İnformasiya Texnologiyaları İnstitutunun “Horizon Avropa”nın layihələrində iştirakı nəzərdə tutulur
Bakı, 28 oktyabr, AZƏRTAC
İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında institutun böyük elmi işçisi, Avropa Komissiyasının “Horizon Avropa” tədqiqat və innovasiya proqramı üzrə rəqəmsallaşdırma, sənaye və kosmos sahəsində milli əlaqələndirici şəxs, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov proqram haqqında məlumatlandırıcı təqdimatla çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
M.Həşimov 2021-2027-ci illəri əhatə edən tədqiqat və innovasiya proqramı olan “Horizon Avropa”nın gələcəyi formalaşdırmaq üçün sərmayə qoyuluşu imkanları təqdim etdiyini diqqətə çatdırıb. O, proqramın iqlim dəyişikliyinə uyğunlaşma, cəmiyyətdə dəyişiklik, xərçəng xəstəliyi, təmiz okean, dəniz, sahil və daxili sular, neytral iqlimli və “ağıllı” şəhərlər, torpaq təmizliyi və qida təhlükəsizliyi kimi istiqamətləri əhatə etdiyini bildirib. M.Həşimov institutun alim və mütəxəssislərinin digər Avropa İttifaqı ölkələrinin tədqiqatçıları ilə birgə “Horizon Avropa”nın “Qlobal problemlər və Avropa sənaye rəqabətliliyi” istiqaməti üzrə bütün layihələrdə iştirak etməsi üçün imkanların yaradıldığını da vurğulayıb.
Məruzəçi, həmçinin “Horizon Avropa”nın növbəti illər üçün iş proqramında təqdim olunan informasiya texnologiyaları üzrə layihə müsabiqələri barədə məlumat verib, institut əməkdaşlarını təqdim olunan imkanlardan yararlanmağa çağırıb.