CƏMİYYƏT


İnsanlara nur bəxş edən alim

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Azərbaycan Tibb Universitetində (ATU) görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilib. Tədbir Nəsimi Rayon İcra hakimiyyəti və ATU-nun birgə təşkilatçılığı ilə baş tutub.

Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli oftalmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, akademik Zərifə xanım Əliyeva göz xəstəliklərinin aktual problemlərinə dair apardığı tədqiqatlar, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə, eləcə də Azərbaycanda oftalmologiya elminin inkişafına böyük töhfələr verib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Bildirilib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən birini peşə oftalmologiyası təşkil edib. Alim dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoyub. Bu istiqamətdə apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.

Digər çıxış edənlər Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən fiziki qüsurlu şagirdlərin təhsil aldığı 11 və 268 saylı xüsusi məktəblərin şagirdlərinin pulsuz tibbi müayinəsi təşkil edilib, ATU-da keçirilən tədbirdə müayinədən keçmiş uşaqlara eynəklər təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.