ELM VƏ TƏHSİL
İnternat məktəbində Beynəlxalq Əlillər Gününə həsr olunan tədbir keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə öncə internat məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılmış İKT mərkəzi ilə tanış olub. Məlumat verilib ki, hazırda məktəbdə 1-ci sinifdən 12-ci sinfədək 310 şagird oxuyur. Şagirdlərdən 11 nəfəri evdə təlim alır. Məktəbin yataqxanasında 85 nəfərədək şagird qalır.
Təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, internat məktəbində təhsil alan hər bir şagird öz istedadı və bacarığı ilə çox şeyə nail ola bilər: “İstedad əngəl tanımır. Mən şagirdlərin əl işləri ilə tanış olarkən buna bir daha əmin oldum. Bunun üçün şagirdlərimiz daha əzmlə çalışmalıdır”.
Nazir qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlara hər zaman dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində addımlar atılır.
Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında Nizami Gəncəvinin qəzəlləri, şeirlər, vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan səhnəcik nümayiş olunub.