ELM VƏ TƏHSİL
İnvestisiya şirkətinin təhsil meneceri tələbələrə təcrübəsindən danışıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) biznes idarəçiliyi fakültəsi və iqtisadiyyat kafedrasının, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi və “İnvest-Az” investisiya şirkətinin birgə təşkilatçılığı ilə “Turizmin inkişafı dövründə maliyyə bazarlarına virtual səyahət” mövzusunda təlim keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbir dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye–universitet əməkdaşlığı çərçivəsində təşkil edilib.
Təlimin kordinatoru, iqtisadiyyat kafedrasının dosenti Səkinə Hacıyeva bildirib ki, Azərbaycanda maliyyə bazarının əsas tərkib elementlərindən biri olan fond bazarının inkişaf etdirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görür. Tələbələrin fond bazarının fəaliyyət prinsipləri xüsusiyyətlərinə dair geniş biliklərə yiyələnmələri onların gələcəkdə biznes idarəçiliyinin müxtəlif sferalarında peşəkar kadr kimi fəaliyyətlərində lazım olacaq. O qeyd edib ki, bu biliklərin əldə olunması xüsusilə maliyyə ixtisası üzrə təhsil alan tələbələr üçün çox zəruridir.
Sonra “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyinin sədri Ceyhun İbahimov və “İnvest-Az” investisiya şirkətinin təhsil meneceri Rövşən Məmmədov tələbələrə öz təcrübələrindən danışıblar və onların suallarını cavablandırıblar.
Təlimdə iştirak edən tələbələrə sertifikatlar verilib.