ELM VƏ TƏHSİL
İnzibati icraçı vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 300-dək namizəd qeydiyyatdan keçib
Bakı, 27 yanvar, AZƏRTAC
Dövlət qulluğunun B (inzibati icraçı vəzifələr) növü üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olunmuş test imtahanında iştirak üçün qeydiyyat davam edir.
AZƏRTAC xəbər verir ki, DİM-in bu gün saat 11:20-yə olan məlumatına görə, inzibati icraçı vəzifələr üzrə fevralın 16-da keçiriləcək test imtahanında iştirak etmək üçün 293 nəfər (BA - 76, BB - 217) ərizəsini təsdiqləyib. Qeydiyyat fevralın 6-da başa çatacaq.
Xatırladaq ki, imtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.