SİYASƏT
İordaniyada yaşayan həmvətənlərimiz birinci Avropa Oyunlarının keçirilməsindən qürur duyurlar
Əmman, 15 iyun, AZƏRTAC
İordaniyada yaşayan həmvətənlərimiz “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsindən qürur duyurlar və milyonlarla tamaşaçının izlədikləri təntənəli açılış mərasimi ilə bağlı heyranlıqlarını bildirirlər.
AZƏRTAC-ın müxbirinin həmsöhbət olduğu insanların yekdil fikrinə əsasən, Bakıda ilk Avropa Oyunlarının açılış mərasimi həqiqətən də möhtəşəm və misilsiz olub. Həmvətənlərimiz Azərbaycanın belə böyük miqyaslı idman tədbirini dünya səviyyəsində təşkil etməsindən çox seviniblər və qürur duyublar.
Azərbaycan diasporunun Qadın Komitəsinin rəhbəri Zümrüd Dadaşova bildirib ki, yüksək səviyyədə təşkil olunmuş açılış mərasimi hələ uzun müddət xatırlanacaq, bu barədə danışılacaq və yazılacaq. Z.Dadaşova deyib ki, İordaniyadakı diasporumuzun nümayəndələri əmindirlər ki, onların hamısının bir nəfər kimi izlədikləri bu mərasimin şousu valehedici idi, bütün incəliklərinədək düşünülüb, böyük zövqlə təşkil olunub. “Biz Olimpiya Oyunlarının müvafiq mərasimlərini dəfələrlə izləmişik və əminliklə deyə bilərik ki, Azərbaycan açılış mərasimini ən yüksək səviyyədə layiqincə keçirdi. Xalqın tarixini, mədəniyyətini, musiqisini və ədəbiyyatını vizual fantastik effektlərlə, məharətlə və təsirli şəkildə nümayiş etdirdi. Fərəhləndirici haldır ki, dünyanın hər yerindən yüz milyonlarla televiziya tamaşaçısı, habelə Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı unudulmaz tarixi anın şahidləri oldu. Sözsüz ki, bunu mübaliğəsiz müasir Olimpiya hərəkatı tarixində ən böyük hadisə adlandırmaq olar”, - deyə Z.Dadaşova vurğulayıb.
İordaniya Universitetinin ikinci kurs tələbəsi, “Bakı-2015”in təqdimatını bu ali məktəbdə yaxın vaxtlarda keçirmiş Ayla Cəfərova qeyd edib ki, birinci Avropa Oyunları Olimpiya Oyunlarından qətiyyən geri qalmır və bu miqyaslı hadisə ölkəmizin nailiyyətlərini, tarixini və mədəniyyətini dünyaya təqdim etmək baxımından böyük əhəmiyyətə malikdir. Ayla Cəfərova Azərbaycanda beynəlxalq səviyyədə çoxsaylı tədbirlərin keçirildiyini vurğulayaraq qeyd edib ki, birinci Avropa Oyunlarının ölkəmizdə təşkili təsadüfi deyil və idmanın inkişafı, beynəlxalq əməkdaşlıq sahələrində dövlətimizin çoxşaxəli siyasətinin nəticəsidir. Bu, həmçinin Azərbaycanın bütün sahələrdə, o cümlədən idmanda, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində, ona etibar edilməsində nail olduğu yüksək göstəricilərin nəticəsidir. “Biz azərbaycanlılar ölkəmizin uğurları ilə qürur duyuruq, tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi isə bizi yaxşı oxumağa və Vətənimizin rifahı naminə çalışmağa ruhlandırır”, - deyə Ayla Cəfərova qeyd edib.
Azərbaycan diasporunun digər fəalı Kəmalə Tatlıyeva əlavə edib ki, Avropa Oyunlarının açılış mərasimi – fantastik və kreativlik baxımından qeyri-adi olan bu şou bütün gözlənilənləri də ötüb keçdi. Azərbaycan bütün dünyaya özünün böyük potensialını, ölkələri və xalqları idman vasitəsilə birləşdirməyə çağıran Avropa idman ideallarına tərəfdar olduğunu göstərdi. Biz Atəşgah məbədindən alov götürmüş Avropa Oyunları məşəlinin ölkə boyu gəzdirilməsini gündəlik izləyirdik. Bu, hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldururdu. Şübhəsiz ki, bu prosesin zirvəsi isə Azərbaycanın adını dünya idman tarixinə qızıl hərflərlə yazacaq Avropa Oyunlarının açılış mərasimi oldu.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman