İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda hindistanlı tədqiqatçılarla görüş keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda Hindistanın Yeni Manqalor Limanının rəisi Pravin Kumar və Kolkata Limanının tədqiqat üzrə direktor müavini Salma Çaudri ilə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaqlara İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun fəaliyyəti, ölkəmizdə qeyri-neft sektorunun, habelə, kiçik və orta sahibkarlığın inkişafı, sənayeləşmə və s. haqqında məlumat verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, "Qonaq elmi işçilərin mübadiləsi proqramı" çərçivəsində ölkəmizdə səfərdə olan tədqiqatçılar "Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi potensialı" mövzusunda tədqiqat aparırlar. Proqram Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım İdarəsinin birgə təşəbbüsü çərçivəsində həyata keçirilir.