İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun əməkdaşı beynəlxalq müsabiqənin qalibi seçilib
Bakı, 24 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun baş mütəxəssisi Gövhər Vəliyeva Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyinin təşəbbüsü ilə keçirilən "Yaşıl istedadlar 2018" ("Green Talents 2018") beynəlxalq müsabiqəsinin qalibi seçilib.
AZƏRTAC İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna istinadla xəbər verir ki, bu il ölkəmizdən 15 nəfərin müraciət etdiyi müsabiqədə G.Vəliyeva "Alternativ enerji mənbələri və enerjidən səmərəli istifadə" mövzusunda tədqiqat təklifi üzrə qalib elan olunub.
Təklif enerji səmərəliliyinin artırılması tədbirlərinin həyata keçirilməsi və yeni texnologiyaların tətbiqi ilə ölkəmizdə CO2 emissiyalarının azaldılmasına nail olunması ilə bağlıdır.
Berlində ölkəmizin Almaniyadakı səfirliyinin nümayəndələrinin iştirakı ilə mükafatlar qaliblərə təqdim olunub.
Hazırda qaliblər tərəfdaşlarla əlaqələrin qurulması məqsədilə Almaniyanın müxtəlif şəhərlərinə səfər etməklə Elm Forumunda iştirak edirlər.
Qaliblər Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyinin maliyyə dəstəyi ilə tədqiqatçı proqramında iştirak və tədqiqat işinin yerinə yetirilməsi məqsədilə növbəti il həmin ölkəyə səfər edəcəklər.
Qeyd edək ki, musabiqənin qalibi faktiki olaraq ilk azərbaycanlıdır və müsabiqə 2009-cu ildən etibarən keçirilir.