İQTİSADİYYAT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni “Video icmal” təqdim edəcək
Bakı, 25 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yeni layihəyə başlayır.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu gündən İİTKM “Video icmal”ın təqdimatına başlayır. “Video icmal”ın təqdimatında məqsəd ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların daha vizual və anlaşıqlı təqdim olunmasıdır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi mütəmadi olaraq islahat proseslərinin məzmununu infoqrafik, vizual videotəqdimatlar vasitəsilə izahlı şərh edir. Bu təqdimatlar Azərbaycanın telekanallarında, sosial şəbəkələrdə və digər onlayn resurslarda yayımlanır və islahatlara dair aparılan maarifləndimə işlərinə dəstək olur.
“Video icmal”ın ilki Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na əsasən hazırlanan elektron müraciət sisteminə həsr olunub. Videoda sistemə girişdən başlayaraq, müraciətin hazırlanması, sənədlərin siyahısı və icra müddəti barədə ətraflı məlumatlar təqdim edilib.
İcmal və video ilə təqdim olunan link vasitəsilə tanış olmaq mümkündür: http://iqtisadiislahat.org/vreview