ELM VƏ TƏHSİL
İqtisadiyyat İnstitutunda elmi seminar: Nizami Gəncəvinin əsərlərində iqtisadi motivlər
Bakı, 4 may, AZƏRTAC
İqtisadiyyat İnstitutunda “Nizami Gəncəvi İli” çərçivəsində elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı açan elmi müəssisənin direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti olduğunu vurğulayıb.
Seminarda institutun İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Seyfəddin Səməndərov “Nizami Gəncəvinin əsərlərində iqtisadi motivlər” mövzusunda məruzə ilə çıxış edib.
Tədqiqatçı bildirib ki, dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi öz dövrünün ictimai-iqtisadi münasibətlərinə, ziddiyyətlərinə biganə qalmayıb, əsərlərində öz iqtisadi baxışlarını da əks etdirib: “Şair poemalarında “dövlət”, “sərvət”, “pul”, “qızıl” və s. kimi anlayışlar işlədir. Lakin şair əsl dəyərin maddi deyil, bu fani dünyada mənəvi ünsürlərə aid olması fikrində idi. Belə bir yanaşma Nizaminin tam olaraq tərki-dünya olması demək deyildir. Nizaminin əsərlərində torpaq istehsal prosesinin ən qiymətli və təbii vasitəsi kimi səciyyələndirilir. Onun fikrincə, “bütün gövhərlər parıldasalar da, onların hamısından bahalısı torpaqdır”.
Seyfəddin Səməndərov qeyd edib ki, böyük mütəfəkkirin yaradıcılığında əməyə yüksək qiymət verilirdi. Nizami xış, kotan, bel və s. alətlərlə torpağı əkib-becərənlərin, maldarların və çobanların və alnının təri ilə məhsul hasil edənlərin əməyini şərəfli iş hesab edirdi.
Məruzəçi vurğulayıb ki, Nizami yaradıcılığında ədalətli, xeyirxah hökmdarın taxta çıxması cəmiyyətdə bütün problemlərin (o cümlədən iqtisadi) ədalətli həlli və insanların rifah və əmin-amanlığa qovuşmasının ən düzgün yolu kimi dəyərləndirilib. Mütəfəkkir şair ədalət və xeyirxahlıqla və bunun əksi olan zülm və zorakılıqla idarəetmənin iqtisadi nəticələri haqqında fikirlər irəli sürmüşdür. Eyni zamanda, araşdırmalar belə deməyə əsas verir ki, XII əsrdə Qərbi Avropadan daha erkən utopik hesab edilən ideyalar Nizami yaradıcılığında özünə yer alıb. Nizami Gəncəvinin poemalarında bac, xərac, cizyə və s. kimi vergi növlərindən bəhs edilir, sələmə qarşı kəskin etiraz var idi. Dahi şair insanları mal-mülk, sərvət düşkünlüyündən uzaq olmağa, qənaətcilliyə çağırırdı.
Sonra məruzəçi sualları cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.