İQTİSADİYYAT
İqtisadiyyat Nazirliyi: Dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi istiqamətində ölkəmiz geniş potensiala malikdir
Bakı, 28 iyul, AZƏRTAC
Asiya İnkişaf Bankının (AİB) “Azərbaycan Dövlət-Özəl Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Fondunun dəstəklənməsi” layihəsinin ölkəmizdə səfərdə olan missiyasının iştirakı ilə İqtisadiyyat Nazirliyində seminar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd dövlət-özəl tərəfdaşlığı layihələrinin seçilməsi alətlərinin müəyyənləşdirilməsidir.
İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov ölkəmizlə AİB arasında əməkdaşlığın uğurlu inkişafını qeyd edib, dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi istiqamətində ölkəmizin geniş potensiala malik olduğunu, bu istiqamətdə gələcək fəaliyyətlərin həyata keçirilməsi üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Seminarda AİB-in ekspertləri tərəfindən layihə seçimi təlimatı üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.