CƏMİYYƏT


İqtisadiyyat Nazirliyinin kollektivi şəhid Asəf Nəsibovun xatirəsini ehtiramla anıb

Bakı, 25 fevral, AZƏRTAC

Bu gün Vətən müharibəsi şəhidi Asəf Nəsibovun doğum günüdür.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin kollektivi Qazax rayonunda şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

İgidimiz Asəf Səfəralı oğlu Nəsibov 1994-cü il fevralın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında Kimya mühəndisliyi ixtisasına yiyələnib.

Qəhrəmanımız İqtisadiyyat Nazirliyinin tabeliyində “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də baş mütəxəssis vəzifəsində işləyib. Qısa müddətdə peşəkarlığı və zəhmətsevərliyi ilə fərqlənib, həmçinin öz davranışı və nizam-intizamı ilə kollektivin rəğbətini qazanıb.

2015-2016-cı illərdə həqiqi hərbi xidmət keçib, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Könüllü olaraq cəbhəyə getmək üçün müraciət edən A.Nəsibov Vətən müharibəsinin ilk günlərində hərbi xidmətə çağırılıb. Azərbaycan gəncinin millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan Asəf Nəsibov Cəbrayıl, Qubadlı və Laçın rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. A.Nəsibov döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə, “Laçının azad olunmasına görə” “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.