İQTİSADİYYAT
İqtisadiyyat və bank sektorunun cari vəziyyəti müzakirə olunub
Bakı, 13 fevral, AZƏRTAC
Fevralın 12-də "Azərbaycan Banklar Assosiasiyası"nın (ABA) prezidenti Zakir Nuriyev və baş iqtisadçısı Bəhruz Əhmədovun "FINCA" Mikromaliyyə Holdinqinin nümayəndə heyəti ilə görüşündə iqtisadiyyat və bank sektorunun cari vəziyyəti müzakirə olunub.
AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, görüşdə makroiqtisadi və maliyyə sabitliyi, bankların konsolidasiyası və kapitallaşması, mikromaliyyə bazarı, xarici resurslar hesabına maliyyələşmə, həmçinin maliyyə texnologiyalarının tətbiqi (fintech) məsələləri görüşün əsas müzakirə mövzuları olub.
Görüşdə holdinqin qlobal direktoru Andree Simon, "FINCA Azerbaijan"ın baş icraçı direktoru Tim Tarrant iştirak ediblər.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.