DÜNYA
İrakli Qaribaşvili: NATO-nun Qara dənizdə təhlükəsizliyin təminatı prosesində fəal iştirakının əhəmiyyəti daha da artıb
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Cənubi Qafqaz regionundakı mövcud vəziyyəti nəzərə alaraq, NATO-nun Qara dənizdə təhlükəsizliyin təminatı prosesində fəal iştirakının əhəmiyyəti daha da artıb.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer ilə görüşdə deyib.
Bu ölkənin hökumət administrasiyasının mətbuat xidmətindən bildirilib ki, görüşdə regiondakı mövcud vəziyyət, Gürcüstanın inteqrasiyası və digər məsələlər diqqət mərkəzində olub.
İrakli Qaribaşvili söhbət zamanı deyib ki, NATO-nun Hərbi Komitəsinin nümayəndə heyətinin Gürcüstana səfəri Alyansın ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə güclü dəstəyinin göstəricisidir. Gürcüstan NATO-nun müttəfiqi olaraq ümumi təhlükəsizlik prinsiplərinə və dəyərlərinə sadiqdir, müttəfiqlərin qlobal sülh və təhlükəsizliyinin təminatı ilə bağlı səylərinə qoşulur. Gürcüstanın Əfqanıstandan tranzit və təxliyənin dəstəklənməsindəki rolu bunu sübut edir.
Söhbət zamanı tərəflər Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar, beynəlxalq tərəfdaşlarla ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq, həmçinin NATO ilə siyasi və praktiki əməkdaşlıq mexanizmlərinin səmərəli istifadəsi məsələlərini də müzakirə ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi