CƏMİYYƏT
İrakli Şotadze: Azərbaycanın və Gürcüstanın Baş prokurorluqları arasında qarşılıqlı əməkdaşlıq daha da güclənəcək
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Azərbaycan bizim strateji tərəfdaşımızdır, bizi çox yaxın dostluq və işgüzar əlaqələr birləşdirir. Ədliyyə sahəsində də əməkdaşlıq çox vacibdir. Bu baxımdan da Azərbaycanın Baş prokurorunun Gürcüstana səfəri bizim üçün mühüm əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş prokuroru İrakli Şotadze jurnalistlərə açıqlamasında söyləyib.
O deyib: “Azərbaycan ilə hüquqi sahədə çox səmərəli əməkdaşlıq edirik. Biz bugünkü görüşdə pulların yuyulması, korrupsiya, ailə zorakılığı və digər ağır cinayətlərə qarşı mübarizə məsələlərini müzakirə etdik. İkitərəfli əməkdaşlığa dair memorandumun imzalanması da mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, Azərbaycan və Gürcüstanın Baş prokurorluqları arasında cinayət hüququ sahəsində qarşılıqlı əməkdaşlıq daha da güclənəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi