SİYASƏT
İran-Azərbaycan əlaqələrinin inkişafı region xalqlarının sülh şəraitində yaşamasına xidmət edəcək
Tehran, 23 noyabr, AZƏRTAC
İran ilə Azərbaycan arasında əlaqələrin inkişafı region xalqlarının sülh şəraitində yaşamasına xidmət edəcək. Ölkələrimiz ortaq tarixi köklərə malikdir. Qarşılıqlı dostluq münasibətlərinin əsasını xalqlarımızın yaxınlığı təşkil edir.
Bu fikirləri İranın xarici işlər nazirinin müavini, Prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi İbrahim Rəhimpur deyib. O bildirib ki, İran ilə Azərbaycanın dostluq münasibətlərinə heç bir qüvvə zərər vura bilməz.
İ.Rəhimpur bildirib ki, İran quruda 7, dənizdə 8 dövlətlə həmsərhəddir. İranla həmsərhəd 15 ölkə arasında rəsmi Tehrana Azərbaycan qədər yaxın olanı yoxdur. Odur ki, Azərbaycanın İranın xarici siyasətində özünəməxsus yeri var.
Nazir müavini qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrlə yanaşı, təhlükəsizlik sahəsində əməkdaşlıq da prioritetdir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran