İQTİSADİYYAT


İran Qəzvin-Zəncan dəmir yolu xəttinin tikintisi üçün 8,5 milyon dollar vəsait ayırıb

Tehran, 4 avqust, AZƏRTAC

İran hökuməti Qəzvin-Zəncan dəmir yolu xəttinin tikintisini davam etmək üçün 2 trilyon rial (8,5 milyon dollar) vəsait ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Büdcə Planlaşdırması Təşkilatının rəhbəri Məhəmməd Bakir Nobuxat məlumat verib.

O bildirib ki, Qəzvin-Zəncan dəmir yolunun tikintisinə 2004-cü ildə başlanmışdı. Lakin sonralar maliyyə problemi meydana gəldi və yolun inşası yarımçıq qaldı. İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşməsi işində fəal iştirak edir və bu yolun çəkilişi ölkənin vilayətlərinin də ticarət əlaqələrini artıracaq.

Nəzərə çatdıraq ki, İranın Qəzvin şəhərindən Rəşt şəhərinə də dəmir yolu xətti çəkilib istifadəyə verilib. Bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin bir hissəsidir. Qeyd etdiyimiz kimi yolun Qəzvin-Rəşt hissəsi artıq istismara buraxılıb. Rəşt-Astara hissəsində işlər davam edir. İranın Çabahar və Bəndər-Abbas limanına daxil olan yüklər məhz bu yolla Azərbaycan və Rusiya ərazisindən keçərək Avropaya və əks istiqamətə daşınacaq.

Qəzvin-Zəncan yolu İranın Zəncan vilayətinin də ticarət əlaqələrini genişləndirəcək və Avropaya daşınacaq yüklərin həcmi artacaq. Zəncan İranın sənaye və kənd təsərrüfatı cəhətdən inkişaf etmiş vilayətlərindən biridir. Burada tikinti materialları, kimyəvi maddələr, meyvə-tərəvəz istehsal olunur ki, bunların da dünya bazarına çıxarılmasına ehtiyac var. İran bu yolun tikintisini təsadüfən bərpa etmir.

Beləliklə, Qəzvin-Zəncan dəmir yolunun tikintisi İranın ixrac potensialını artıracaq və tranzit olaraq Azərbaycan üzərindən daşınan yüklərin həcmi də artacaq ki, bu da ölkəmizin büdcəsinə tranzit daşınmalarından daxil olan valyutanın həcmini artıracaq.

Məhəmməd Bakir Nobuxat bildirib ki, tikinti işləri 2021-ci ildə başlayacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.