DÜNYA
İran XİN: Avropa dövlətləri insan hüquqları məsələsindən sui-istifadə edir
Tehran 26 sentyabr, AZƏRTAC
Avropa İttifaqının (Aİ) nümayəndəsinin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışında İranı insan hüquqlarını pozmaqda ittiham etməsi etiraza səbəb olub.
AZƏRTAC xəbər verir ki, məsələyə münasibət bildirən İran XİN-in mətbuat katibi Səid Xətibzadə Aİ-nin ikili standartlar siyasətindən çıxış etdiyini bildirib. O qeyd edib ki, dünyanın bir çox bölgəsində insanların hüquqları kobud şəkildə pozulsa da, Aİ buna heç bir reaksiya vermir. Hətta Avropa dövlətlərinin özlərində də insanların hüquqları qorunmur. Miqrantlar və müsəlman azlıqlara qarşı törədilən cinayətlərə də göz yumulur. Lakin İranda baş verən təxribatların qarşısı alınanda Aİ-nin yadına insan hüquqları düşür.
S.Xətibzadə bəyan edib ki, Avropa insan hüquqları məsələsindən sui-istifadə edərək siyasi məqsədlərinə çatmağa çalışır. Rəsmi Tehran Aİ-nin nümayəndəsinin çıxışına etiraz edir, Avropa dövlətlərinə insan hüquqlarına hörmətlə yanaşmağı və bundan siyasi alət kimi istifadə etməməyə çağırır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran