REGİONLAR
İran və Hindistan komandaları üçüncü turda xal itkisi ilə üzləşiblər
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında üçüncü tura yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu turda “Azərbaycan-Naxçıvan” komandası Moldova komandası ilə üz-üzə gəlib. Komandamızın heyətində Nazlı Hümbətova Savva Sustova, Rza Həsənli isə Stanislav Çebotariyə məğlub olub. Rəcəb Abdullabəyli isə Viktoriya Barqan üzərində parlaq qələbə qazanıb. Hüseyn Seyid Aleksandr Barançiusla görüşdə ağ-qara taxtanı qələbə ilə tərk edərək hesabı bərabərləşdirib – 2:2.
Yarışın favoriti “Azərbaycan-1” komandası bu turda Kuba komandasını sınağa çəkib. Çətin keçən görüş komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb. Eyni uğura “Azərbaycan-Sumqayıt” komandası da imza atıb. Onlar İngiltərə komandası ilə görüşdə aktivlərinə qələbə yazdırmağa müvəffəq olublar – 2,5:1,5. “Azərbaycan-2” komandası isə eyni hesabla Latviya yığmasını məğlub edib – 2,5:1,5.
“Azərbaycan-3” və “Azərbaycan-4” komandaları bu turu heç-heçə ilə başa vurublar. Belə ki, birincilər “CAR-3”lə, ikincilər isə Monqolustan komandası ilə görüşlərdə şahmat taxtasını “sülh”lə tərk ediblər.
Liderlər cədvəlində qərarlaşan İran və Hindistan komandaları 3-cü turda xal itkisi ilə üzləşiblər. Qonşu ölkənin təmsilçiləri “Gürcüstan-1” komandası ilə oyunda heç-heçəyə razılaşıblar – 2:2. Tejas Bakrenin kapitanı olduğu hindistanlılar isə Qazaxıstan komandasına 1,5:2,5 hesabı ilə məğlub olublar.
Tamaşaçılar bu turda Türkiyə komandalarının qarşılaşmasına da şahidlik ediblər. “Türkiyə-White” komandası “Türkiyə-Anatolia” komandası ilə görüşdə uduzub – 1:3.
3-cü turda keçirilən digər qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
“Türkiyə-Red” – “Özbəkistan-1” – 2,5:1,5
“Özbəkistan-2” – Meksika – 3:1
Qırğızıstan – Panama – 3,5:0,5
Banqladeş – Malayziya – 1:3
Şri-Lanka – “CAR-1” – 2,5:1,5
Kanada – Livan – 2,5:1,5
Honqkonq – Misir – 2:2
“Gürcüstan-2” – “CAR-2” – 1:3
Hazırda turnir cədvəlinə “Azərbaycan-1”, Qazaxıstan və “Türkiyə-Red” komandaları 6 xalla başçılıq edirlər. “Azərbaycan-Naxçıvan” komandası isə 3 xalla 17-ci pillədə qərarlaşıb.