CƏMİYYƏT
İrandan Azərbaycana külli miqdarda qaçaqmalın gətirilməsinin qarşısı alınıb
Bakı, 6 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin olunması, mütəşəkkil cinayətkar qrupların dövlət sərhədindən qaçaqmalçılığının qarşısının alınması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi üzrə görülən tədbirlər nəticəsində növbəti dəfə külli miqdarda qaçaqmalın ölkəmizə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 4-də saat 01 radələrində Yardımlı rayonunun Abbaslı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədi istiqamətində hərəkət edən üç nəfər aşkar edilib. Sərhəd naryadının təlimata uyğun və çevik hərəkətləri nəticəsində “Dayan!” çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq, hadisə yerində qaçmağa cəhd göstərən Yardımlı rayon sakinləri 1994-cü il təvəllüdlü İmanov Elnur Rəhman oğlu və 1995-ci il təvəllüdlü Əsmənov Sarvan Arif oğlu saxlanılıblar. Sərhəd pozucularından biri havanın qaranlıqlığından və ərazinin mürəkkəb relyef xüsusiyyətlərindən istifadə edərək geriyə qaçmağa müvəffəq olub.
Əraziyə baxış keçirilərkən Azərbaycan Respublikasına gətirilməsi üçün İran İslam Respublikası ilə dövlət sərhədində gizlədilmiş 5550 qutu müxtəlif markalı siqaretlər aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.