İQTİSADİYYAT
İranın Cənub vilayətlərindən ixrac olunan yüklərin həcmi artacaq

Tehran, 5 mart, AZƏRTAC
Martın 4-də Prezident İbrahim Rəisi İranın Gülüstan vilayətinə səfəri çərçivəsində İncə-Burun Sərhəd Logistika və Gömrük Mərkəzini ziyarət edərək buradakı iş prosesi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, İbrahim Rəisi İranın ixrac potensialının artmasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin roluna toxunub. O qeyd edib ki, dəhlizə daxil olan dəmir yolu ölkənin ixrac və tranzit imkanlarını artırır, bu da büdcəyə əlavə valyuta axınını təmin edir. Prezident dəhlizi İranın ən əhəmiyyətli infrastrukturlarından biri adlandırıb.
Nəzərə çatdıraq ki, İranın yalnız Gülüstan deyil, Mazandaran, Gilan və Ərdəbil vilayətləri də Xəzər dənizinin sahilində, Azərbaycan Respublikası ilə sərhədə yerləşir və bu vilayətlərdə istehsal olunan meyvə-tərəvəz və sitrus bitkiləri, eləcə də tikinti materialları Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna və digər MDB dövlətlərinə ixrac edilir. İxrac olunan yüklər Astara gömrük-keçid məntəqəsindən Azərbaycan daxil olur, buradan isə tranzit olaraq adı yuxarıda göstərilən ölkələrə daşınır.
Mazandaran vilayətinin gömrük idarəsinin rəisi Əli Yusif Maneş ötən ilin hesabatını verərək bildirib ki, MDB ölkələrinə 71 milyon dollar dəyərində ixrac həyata keçirilib. Bu yalnız 1 vilayətdən olan ixracdır. Adıçəkilən digər vilayətləri də hesablasaq, iri məbləğin ortaya çıxacağının şahidi olaraq.
İran Prezidenti İbrahim Rəisi də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini təsadüfən İranın “...Ən mühüm iqtisadi infrastrukturu...” adlandırmayıb. Əgər dəhlizin əsas seqmenti hesab edilən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti işə düşsə, istehsal ilə yanaşı Azərbaycan ərazisindən tranzit yükdaşımalar da artacaq. Lakin məsələ yalnız bununla məhdudlaşmır.
İranın Çabahar limanı Oman dənizi sahilində yerləşir və Hind okeanına çıxışı olmaqla yanaşı, Asiyanın 21 dövlətini, 800 milyon əhalisi olan Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropanı nəqliyyat əlaqəsi baxımından birləşdirir. Hazırda liman 8,5 milyon ton yükaşırımına malikdir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətində aparıcı rola malikdir. Cənub-Şərqi Asiya dövlətlərindən Çabahara daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Avropaya daşınacaq. Azərbaycan da Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin həm formalaşmasında, həm də fəaliyyətində aparıcı rol oynayan dövlətlərdəndir. Çabahar limanı vasitəsilə Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklər məhz Azərbaycan üzərindən keçəcək ki, bu da ölkəmizin logistika mərkəzinə çevrilməsini şərtləndirir.
İranın Azərbaycan üzərindən tranzit yükdaşımaları artırmaq istəyi də təsadüfi xarakter daşımır. Əvvəla coğrafi yaxınlıq məsələsi var. Digər tərəfdən və ən başlıca amil isə ondan ibarətdir ki, Azərbaycan müasir dünyanın iqtisadi inkişafında nəqliyyatın və tranzit daşımaların mahiyyətini qabaqcadan hesablayıb və müasir standartlara uyğun nəqliyyat-tranzit infrastruktur yaradıb. Buna misal olaraq Bakı Beynəlxalq Ticarət limanını, Ələt-Astara magistral yolunu, İran Astarası ilə Azərbaycan Astarasını birləşdirən dəmir yolu xəttinin inşasını, Astaraçay üzərində tikiləcək yeni körpünü göstərmək olar. Bunlarla yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin İranın Astara şəhərində inşa etdiyi yük terminalı və başqa amilləri sadalamaq olar.
Bütün bunlar Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan üzərindən keçməsini və Avropa ilə Asiya dövlətlərinin ixrac-idxal əməliyyatlarını məhz bu yolla həyata keçirmək istəklərini şərtləndirən amillərdir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran