DÜNYA


İranlı jurnalistin oğlu anasının həbsi barədə məlumat verib

Tehran, 22 yanvar, AZƏRTAC

İran ictimaiyyəti və media təşkilatları ingilis dilində yayımlanan Press TV televiziya kanalının müxbiri Mərziyyə Haşiminin ABŞ-da həbsini gündəmdə saxlayır.

AZƏRTAC xəbər verir ki, həbs olunan jurnalistin oğlu Hüseyn Haşimi istintaqın gedişi və anasının vəziyyəti haqqında məlumat verib. O bildirib ki, ABŞ qanunlarına görə məhkəmə prosesinə cəlb edilən şahid həbs edilə bilər. Lakin qanun şahid qismində həbs edilən adamın 16 gündən artıq həbsdə saxlanılmasına icazə vermir. Lakin bəzi hallarda istisna olaraq həbsin müddəti uzadıla da bilər.

H.Haşimi diqqətə çatdırıb ki, bu qanun çox nadir hallarda tətbiq edilir. O qədər nadir hallarda tətbiq edilir ki, hətta ABŞ hüquqşünasları belə bir qanunun mövcudluğunu unudublar. H.Haşimi anasının 16 gündən sonra azad ediləcəyinə ümidvar olduğunu nəzərə çatdırıb. O qeyd edib ki, anasının həbsi haqqında beynəlxalq ictimaiyyət məlumatlandırıldıqdan və mətbuatda geniş müzakirə olunduqdan sonra türmədə onunla yumşaq davranmağa başlayıblar. Jurnalistin oğlu hazırda anasının özünü yaxşı hiss etdiyini və hakimlərin suallarını cavablandırdığını bildirib.

Xatırladaq ki, ABŞ-da həbs edilən İranın Press TV kanalının müxbirinə qarşı heç bir ittiham irəli sürülməyib. Bir sıra beynəlxalq media qurumları jurnalistin qanunsuz həbs edildiyini bəyan ediblər.

Qeyd etmək lazımdır ki, məhkəmə prosesində ortaya fövqəladə bir iş çıxmasa yanvarın 13-də həbs edilən müxbir qanuna əsasən yanvarın 29-da azad edilməlidir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.