CƏMİYYƏT
İşə düzəltmək adı ilə vətəndaşların pulunu mənimsəyən şəxs saxlanılıb
Bakı, 18 may, AZƏRTAC
Bakı şəhər sakinləri olan dörd nəfər Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq, ümumilikdə, 17 min manat pullarının alındığını bildiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov saxlanılıb. Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Polis əməkdaşları bu şəxsin digər cinayətlərdə iştirakını da istisna etmirlər. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-nin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Binəqədi Rayon Polis İdarəsinə müraciət edə bilərlər.