QAN YADDAŞI
İslam Göyüşov: 20 Yanvar faciəsi yaddaşlarda silinməz iz qoyub
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi yaddaşlarda silinməz iz qoyub.
Bu sözləri AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi İstehsalat Bərpa Emalatxanasının elmi araşdırma bürosunun müdiri və Qanlı Yanvar faciəsinin şahidi İslam Göyüşov deyib.
O, qanlı hadisələrinin şahidi kimi baş verənləri belə xatırlayıb: “Həmin vaxt Bakıda komendant saatı elan olunmuşdu, şəhərdə əlisilahlı patrullar gəzirdi. Axşam saatlarında gecə növbəsinə getməli idim. Evdən çıxanda güllə səsləri eşidilməyə başladı. İnsanlar küçələrə axışırdı. Xalqın əzmini qırmaq üçün əliyalın insanlar gülləyə tutulurdu. İnsanların çoxu indiki “20 Yanvar” metrosuna tərəf qaçırdı və ən dəhşətli mənzərələr də məhz burada idi. Küçələrdə qan seli vardı, meyitlər tanınmaz halda idilər, üzərindən tank keçmiş insanları görəndə keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Heç vaxt inanmazdım ki, qulluğunda durduğum sovet ordusu öz süngüsünü, güllələrini xalqına qarşı çevirə bilər. Bu dəhşətli faciədən 29 il ötsə də, baş verənlər unudulmur. Xalqımızın qəhrəmanlıq iradəsi, mübarizə əzmi daim yaşayacaq. Biz müstəqilliyimizi şəhidlərimizə borcluyuq”.