CƏMİYYƏT
İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyəti məsələsi müzakirə olunub
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə İsmayıllıda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov seminar-müşavirənin əhəmiyyətini qeyd edərək İslam dəyərlərinin öyrənilməsinin və düzgün təbliğ olunmasının, bu sahədə maarifləndirmə işinin təşkilinin daha da gücləndirilməsinin zəruriliyi, habelə dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial məsələlərin həlli prosesinə cəlb edilmələri barədə danışıb. Mirdaməd Sadıqov rayonda bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticələrindən söhbət açıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, nümunəvi dövlət-din münasibətləri barədə danışıb. Bildirib ki, ölkəmizdə dinlə bağlı düzgün dövlət siyasətinin formalaşması, dini maarifçiliyin yüksək səviyyədə təşəkkül tapması vətəndaşlarımızın dini şüur səviyyəsini, İslama doğru yanaşmasını və baxışını təkmilləşdirib. S.Salahlı vurğulayıb ki, müsəlman aləmində baş verən ziddiyyətlər fonunda Azərbaycan müasir inkişaf xətti ilə seçilir, ölkəmizdə sülh və etimad mühiti qorunur. Bu baxımdan 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması təsadüfi deyil.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev rayondakı dini vəziyyət barədə məlumat verib, dini radikalizmə qarşı birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov, Topçu kənd məscidi dini icmasının sədri Rəşid Məmmədov milli mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında, dövlətçiliyimizin möhkəmlənməsində rolu barədə söhbət açıblar.