DÜNYA
İslam ölkələrində “ağıllı şəhər” və rəqəmsal transformasiya məsələləri müzakirə olunub
Qahirə, 28 oktyabr, AZƏRTAC
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) elm və texnologiyalar sektorunun əməkdaşları Avropada İKT Standartlarına Nəzarət və Dəstək Komissiyasının keçirdiyi “Ağıllı şəhərlər: Rəqəmsal transformasiyanın qlobal perspektivləri” mövzusunda simpoziumda iştirak ediblər.
Təşkilatın baş ofisindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə İslam ölkələrində “ağıllı şəhərlərin” salınması və rəqəmsal texnologiyaların tətbiqi mövzusu ətrafında müzakirə aparılıb. ICESCO-nun eksperti Fauid Əl-Ayni çıxışında bildirib ki, onun təmsil etdiyi təşkilat üzv ölkələrdə “ağıllı şəhər” konsepsiyasının təşviqi istiqamətində xüsusi proqram hazırlayıb və onun həyata keçirilməsi məqsədilə İslam ölkələrinin uyğun hökumət strukturları ilə birgə iş aparılacaq. Bununla yanaşı, sözügedən sahədə reallaşdırılacaq layihələr, habelə elmi tədqiqatlara maliyyə vəsaiti ayrılacaq.
Simpoziumda çıxış edən ICESCO və Avropa ekspertləri rəqəmsal texnologiyaların tətbiqi üzrə Şimal-Cənub tərəfdaşlığının möhkəmlənməsinin zəruriliyini vurğulayıblar. Bu mövzuya dair ardıcıl vebinarların keçirilməsi qərara alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə