REGİONLAR
İşlərini təmənnasız görən könüllülər – Masallı “ASAN xidmət” mərkəzindən REPORTAJ VİDEO
Masallı, 22 yanvar, İsmayıl Cəfərli, AZƏRTAC
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan olunub. Sərəncamda deyildiyi kimi, respublikamızda könüllülük hərəkatının təşviqi məqsədi ilə dövlət tərəfindən zəruri addımlar atılaraq normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ölkəmizdə ümummilli hərəkata çevrilib. Könüllülük respublikamızın hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılıb, cəmiyyətimizin bütün təbəqələrini əhatə edərək gənclərimizin həyat tərzinə çevrilib.
Respublikamızda dövlətə, Vətənə bağlı gənc nəslin yetişdirilməsi istiqamətində ciddi tədbirlər görülməkdədir. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilən fəaliyyət proqramları bunun bariz nümunəsidir. Necə ki, hər il yüzlərlə gənc könüllü şəkildə “ASAN xidmət” mərkəzlərinə gəlir, burada öz bacarıqlarını göstərir, istedadlarını, intellekt səviyyələrini daha da artırmış olurlar.
AZƏRTAC-ın müxbiri Masallıda yerləşən “ASAN xidmət” mərkəzində olub, burada könüllülərin fəaliyyətini izləyib, onlarla söhbət edib.
Mərkəzdə könüllülər öz işlərini təmənnasız həyata keçirirlər. Aygül Hüseynova “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən könüllülərin sırasına qoşulmaqdan məmnun qaldığını deyir: “2015-ci ildə imtahan verib Lənkəran Dövlət Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsində maliyyə ixtisasına qəbul oldum. Ötən il universiteti bitirdim. Universiteti bitirən hər bir tələbə kimi iş tapmaq barədə düşünürdüm. Könüllülük haqqında məlumat aldım və bu fəaliyyət növünü seçdim. “ASAN xidmət”ə müraciət etdim, ötən ilin avqustundan könüllü oldum. Könüllülük mənə vətəndaşlarla necə münasibət qurmağı öyrətdi və yeni dostlar qazandırdı”.
Digər könüllü Sənan Əliyev də gənclərə səslənərək bildirdi ki, insan psixologiyasını bilmək, ilk iş təcrübəsinə yiyələnmək üçün hər hansı bir müəssisədə çalışmaq lazımdır. O, bu amilləri karyera qurmaq üçün ilk addım hesab edir: “Masallı rayonunda yerləşən “ASAN xidmət” mərkəzində cəmi 16 gündür çalışıram. Burada təcrübəm artır. Könüllülük fəaliyyəti mənə çox şey verir. Mən bura gəlməzdən əvvəl Gənclərin İnkişaf və Karyera Mərkəzində də könüllü kimi fəaliyyət göstərmişəm. Könüllülük qürurverici hissdir”.
Gənclər mərkəzdə iki ay könüllü olduqdan sonra digər həmkarlarına könüllülüklə bağlı təlimlər keçirlər. Könüllü Kəmalə Eynullayeva kimi. “ASAN Könüllüsü” olmaq çox gözəl hissdir. Könüllülük mənə kollektivlə işləməyi öyrətdi. İş təcrübəsi qazandırdı. Könüllülərlə birlikdə təlim keçməyi öyrətdi”, - deyə o bildirir.
Masallı “ASAN xidmət” mərkəzində həm məsləhətçi, həm də könüllülərin qrup rəhbəri olan Fərid Abıyev gənclərin bilik və bacarıqlarının inkişafı və vətəndaş məmnunluğunun artırılması baxımından könüllülük fəaliyyətinin önəmindən danışaraq deyir: “2020-ci ilin “Könüllülər ili” elan edilməsi könüllülük fəaliyyətinin daha da genişlənməsinə stimul verib. Bu da gənclərin daha çox marağına səbəb olur. Bildiyiniz kimi, ölkəmizdə bir çox könüllülük təşkilatları var. Həmçinin “ASAN xidmət” mərkəzlərində də könüllülər qrupu fəaliyyət göstərir. Könüllük fəaliyyəti gələcək kadrların peşəkar inkişafına kömək göstərir. Bu gün “ASAN xidmət” mərkəzində bir çox layihələr reallaşdırılır - “Yaşıl ASAN”, “ASAN məktub”, “Əsgərə məktub”... “ASAN Könüllüləri” bu layihələrdə də yaxından iştirak edir və təcrübələrini artırırlar”.
Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı on milyonlarladır. Respublikamızda da 20 minə yaxın könüllü bir çox təşkilatlarda fəaliyyət göstərir. Son illər ölkəmizin ev sahibliyi etdiyi bir çox mötəbər beynəlxalq tədbirlərin keçirilməsində də könüllülərin xidmətləri danılmazdır.