REGİONLAR
İsmayıllıda 384 tondan çox yaş tütün istehsal olunub
İsmayıllı, 4 dekabr, AZƏRTAC
İsmayıllı rayonunda tütün dərimi başa çatıb və sahələrdən 384,8 ton yaş tütün istehsal edilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ildə rayonun 9 inzibati ərazi dairəsi üzrə 22 hektar sahədə tütün yetişdirilib. Əksər ərazilərdə, xüsusən Diyallı, Təzəkənd, Talıstan inzibati ərazi dairələrinin əkin sahələrində bu il yüksək məhsul əldə olunub. İstehsal olunan məhsulun 20995 kiloqramı yaş, 36,8 tonu isə qurudulmuş şəkildə tədarük məntəqələrinə təhvil verilib.
Qeyd edək ki, tütünçülük İsmayıllıda vaxtilə təsərrüfatın ənənəvi sahələrindən olub. Aqrar sektorda aparılan islahatlar uzun fasilədən sonra, yenidən bu sahəyə diqqəti artırıb. 2016-cı ildən rayonda tütünçülüklə məşğul olunmağa başlanılıb. Həmin il 5 hektarda, 2017-ci ildə 15 hektarda, cari ildə isə 22 hektarda tütün əkilib. Gələn il sahələrin xeyli artırılacağı gözlənilir. Ötən ildən rayonda tütün qurutmaxanası da fəaliyyətə başlayıb. Bu da əl əməyini xeyli yüngülləşdirib ki, nəticədə fermerlərin bu sahəyə marağı daha da artıb.