REGİONLAR
İsmayıllıda bir neçə kənd yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb



Bakı, 7 iyun, AZƏRTAC
Sel sularının İsmayıllı rayonu ərazisində yerləşən bir neçə yerli əhəmiyyətli avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində yaratdığı problem aradan qaldırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, intensiv yağıntılar nəticəsində Sərdahar, Kürd Eldarbəyli, 2-ci Yeni yol və Dahar kəndlərinin yollarında sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub. Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə agentliyin “9 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin edilib.
Ümumilikdə, baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.