REGİONLAR
İsmayıllıda fermerlər üçün maarifləndirici seminar keçirilib
İsmayıllı, 28 iyun, AZƏRTAC
İsmayıllıda rayon kənd təsərrüfatı idarəsinin təşkilatçılığı ilə “Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən mühafizəsi ilə əlaqədar tətbiq edilən kimyəvi preparatlarla işləmə zamanı təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Talıstan kəndi ərazisində “Aqromaster” şirkətinə məxsus kartof sahəsində təşkil olunan seminarda kənd təsərrüfatı idarəsinin, bitki mühafizə mərkəzinin mütəxəssisləri, üzümçülük, taxılçılıq, meyvə-tərəvəzçilik və kartofçuluqla məşğul olan fermerlər, mexanizatorlar iştirak ediblər.
Rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov çıxış edərək maarifləndirici seminarın məqsədlərindən danışıb. Vurğulayıb ki, İsmayıllıda hazırda 1000 hektardan çox üzüm plantasiyaları, 1700 hektardan yuxarı meyvə bağı var. Hər il orta hesabla 28 min hektardan çox taxıl, 1000 hektaradək kartof, 900 hektara qədər bostan-tərəvəz əkilir. H.Həsənov və bitki mühafizə mərkəzinin rəisi Akif Əsədov rayonda iqtisadiyyatın aparıcı sahəsi olan aqrar bölmədə mövcud vəziyyət, kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafı, yüksək məhsuldarlıq üçün görülən tədbirlərdən danışıblar. Təsərrüfatın ənənəvi sahələri olan üzümçülükdə, taxılçılıqda, meyvə-tərəvəzçilikdə, habelə kartofçuluqda yüksək məhsul üçün zəruri aqrotexniki tədbirlərin, habelə xəstəliklərə və zərərvericilərə qarşı mübarizənin təlimata uyğun vaxtında aparılmasının zəruri olduğu bildirilib.
Seminarda mütəxəssislər zərərvericilərə qarşı mübarizədə ehtiyatlı olmağın, bütün təlimati qaydalara əməl etməyin zəruriliyini diqqətə çatdıraraq bununla əlaqədar tələb olunan təlimatı məsələlərlə əlaqədar ətraflı izahat veriblər. Bildirilib ki, pestisidlərin tətbiqi zamanı işçilər xüsusi geyimlərlə təmin edilməli, kimyəvi mübarizə aparılan əraziyə xəbərdaredici nişanlar və plakatlar vurulmalıdır. Pestisidlərlə işləyən şəxslər onun xüsusiyyətləri, toksiklik dərəcəsi, məsarif norması, istifadə sayı haqqında tam məlumatlı olmalıdırlar. Onun tətbiqi zamanı qonşu ərazilərin və sahələrin sahibləri, torpaq mülkiyyətçiləri, fermerlər ərazidə aparılan kimyəvi mübarizə və texniki təhlükəsizlik tədbirləri ilə qabaqcadan məlumatlandırılmalıdır. İşçi məhlulu hazırlanarkən və tətbiq edilərkən ərazilərə uşaqların, xəstələrin, hamilə qadınların buraxılması qəti qadağandır.
Seminarda fermerləri maraqlandıran suallar cavablandırılıb.