REGİONLAR
İsmayıllıda fındıq bağlarının sahəsi 2000 hektara çatdırılacaq
İsmayıllı, 5 noyabr, AZƏRTAC
İxracyönümlü məhsul olan, ölkəyə daha çox valyuta gətirən fındıq istehsalının artırılması istiqamətində İsmayıllıda son illər ardıcıl tədbirlər görülür və artıq bağların sahəsi 1615,7 hektara çatdırılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, fındıq bağlarının 1528,7 hektarı son 3 ildə salınıb. Cari ilin payızında və gələn ilin yazında daha 500 hektarda yeni bağlar salınacaq. Ümumiyyətlə, fındıq bağlarının 2000 hektara çatdırılması qarşıda əsas vəzifə kimi durur.
Hazırda Tircan və Talıstan inzibati ərazi dairələrində təzə fındıq bağları salınır. Hələlik Tircanda 12, Talıstanda isə 5 hektarda yeni fındıq tingləri əkilib. Bu istiqamətdə işlər davam etdirilir.
Qeyd edək ki, rayonda bar verən 87 hektar fındıq bağı var. Buradan ötən il 235 ton, bu il isə 274 ton məhsul götürülüb.