REGİONLAR
İsmayıllıda gündə 15 min tibbi maska istehsal olunur
İsmayıllı, 8 aprel, AZƏRTAC
Azərbaycanda yeni növ koronavirusla mübarizədə dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər görülür. Əlbəttə, bu sahədə hər kəs əlindən gələni əsirgəməməlidir. Təsadüfi deyil ki, hazırda İsmayıllı rayonunda hər gün 15 min tibbi maska hazırlanır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi maskanın istehsalı 2013-cü ildə Prezident İlham Əliyevin açılışında iştirak etdiyi İsmayıllı Tikiş Fabrikində həyata keçirilir. Fabrikdə maska istehsalına aprelin 4-dən rayon icra hakimiyyətinin təşəbbüsü ilə başlanılıb. Müəssisə hazırda gücləndirilmiş iş rejimində, növbə ilə gündə 10 saat işləyir. Tibbi maskaların hazırlanması prosesinə 50 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub.
Qeyd edək ki, istehsal prosesində istifadə olunan parçanın tərkibi 100 faiz pambıqdan ibarətdir və sterilizəyə davamlı olduğuna görə, tibdə istifadəyə tam yararlıdır. Maskalar sterilizə olunduqdan sonra rayonun apteklərinə paylanılır. Habelə yaşıllaşdırma, təmizlik, kommunal xidmətlər sahələrində çalışan işçilərə və aztəminatlı ailələrə pulsuz verilir.