REGİONLAR


İsmayıllıda payızlıq səpinə başlanılıb

İsmayıllı, 1 oktyabr, AZƏRTAC

İsmayıllı rayonunda payızlıq əkinlərə start verilib və artıq dağlıq zona olan Sulut və Təzəkənd inzibati ərazi dairələrində 120 hektarda səpin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari mövsümdə 29 min hektarda payızlıq səpin aparılması nəzərdə tutulub. Bu məqsədlə artıq şum işlərinə başlanılıb. Şumun çıxarılması, əkinə hazırlanması və səpin aparılması üçün sahələrə gün ərzində 100-ə yaxın texnika çıxarılır.

Payızlıq əkinlər üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən 1535 ton kondisiyalı toxum tədarük edilib. Bundan əlavə, “Aqrokimya” MMC, “Moran-Aqro” MMC tərəfindən Rusiyanın Krasnodar vilayətindən yüksək repreduksiyalı, rayonlaşdırılmış toxum gətirilib və fermerlərə satışı təşkil olunub. Səpinlə birlikdə sahələrə vermək üçün tələbata uyğun fosforlu gübrə də gətirilib və “Aqrokimya” MMC, “Aqrolizinq” ASC, “Az gübrə” tərəfindən fermerlərə həm nağd, həm də “fermer kartı” vasitəsilə satılır. Rayonda toxumluq taxıla və gübrəyə olan tələbat tam ödənilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığı uğurlu döyüşlər, bununla əlaqədar elan edilən hərbi vəziyyət şəraitində bölgədə kənd təsərrüfatı işlərinin ahəngdar gedişinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər görülür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.