REGİONLAR
İsmayıllıda şəhidin doğum günündə xatirəsi anılıb
İsmayıllı, 29 iyul, AZƏRTAC
İsmayıllının Şəhidlər xiyabanında uyuyan Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun doğum günü məzarı yanında anılıb. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, şəhidin təhsil aldığı Bakı şəhəri Səbail rayonu 163 nömrəli məktəbin müəllimləri, ictimaiyyət nümayəndələri, yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Çıxışlarda şəhidin qısa, şərəfli həyat yolundan danışılıb, Ermənistan silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızdan qovulmasında Cəmil və onun kimi Vətən oğullarının göstərdikləri fədakarlıqdan bəhs olunub. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə həm də şəhidlərimizin döyüşlərə atıldıqları ilk gündən daşıdıqları amalın, Vətən sevgisinin nəticəsi idi. İllər ötəcək, lakin şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq.
Çıxışlardan sonra İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, məktəblilər və uşaq bağçasının balaca fidanları şeirlər səsləndiriblər.
Anım mərasimi şəhidin doğulduğu evdə davam etdirilib. Burada Prezidentin Sərəncamı ilə Cəmil Məmmədliyə verilən "Füzulinin azad olunmasına görə" medalı valideynlərinə təqdim olunub.
Qeyd edək ki, Cəmil Məmmədli 1999-cu il iyulun 28-də İsmayıllıda anadan olub. 2005-2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 nömrəli orta məktəbdə təhsil alıb. Sonra Azərbaycan Texniki Universitetinə qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsinə qatılaraq böyük şücaət göstərib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edərək oktyabrın 14-dən 15-nə keçən gecə şəhidlik zirvəsinə yüksəlib. Cəmil Məmmədli İsmayıllıda Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Cəmil Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.