DÜNYA
İspaniya NATO sammiti ilə əlaqədar quru sərhədlərində nəzarət həyata keçirə bilər
Bakı, 17 iyun, AZƏRTAC
İspaniya hökuməti NATO sammiti astanasında və tədbir zamanı quru sərhədlərində müvəqqəti nəzarət həyata keçirə və paytaxt Madridin bir hissəsi üzərində uçuş qadağası zonası yarada bilər.
AZƏRTAC “El Pais” qəzetinə istinadla xəbər verir ki, İspaniyanın hakimiyyət orqanları alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının görüşü zamanı təhlükəsizliyin təmin olunması üçün 10 mindən çox polis və mülki mühafizəçi cəlb etməyi planlaşdırır. Həmçinin mühafizə xidmətləri sammitdə iştirak edəcək nümayəndə heyətlərini qoruyacaq, Hərbi Hava Qüvvələri isə paytaxt üzərində hava məkanına nəzarət edəcək. Sammitin keçiriləcəyi sərgi kompleksi ilə yanaşı, Madrid aeroportu, Kral Sarayı, Prado Milli Muzeyi və tədbirlərin planlaşdırıldığı digər məkanlar, həmçinin qonaqların yerləşəcəyi 20-yə yaxın otel hüquq-mühafizə orqanlarının diqqət mərkəzində saxlanılacaq.
NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammitində ümumilikdə 5 minə yaxın insanın, o cümlədən nümayəndə heyətlərinin, müxtəlif təşkilatların və jurnalistlərin iştirakı gözlənilir. Həmçinin NATO-ya üzv 30 ölkənin dövlət və hökumət rəhbərlərindən başqa, Avstraliya, Avstriya, İrlandiya, Kipr, Malta, Yeni Zelandiya, Finlandiya, İsveç, Cənubi Koreya liderləri də sammitdə iştirak etmək üçün İspaniyanın paytaxtına gələcəklər.