DÜNYA
İspaniyada vulkan püskürməsi nəticəsində atılan zəhərli qazın digər ölkələrə də keçəcəyi gözlənilir
Madrid, 23 sentyabr, AZƏRTAC
İspaniyanın La-Palma adasındakı Kumbre-Vyexa vulkanının püskürməsi nəticəsində atmosferə atılan böyük miqdarda kükürd-dioksidin hətta Afrika qitəsi ölkələrinə çatacağı gözlənilir.
AZƏRTAC xəbər verir ki, proqnozlara görə, yüksək zəhərli qaz tullantıları Portuqaliyanın və İspaniyanın bir hissəsinə, az qala bütün Mərakeş və Tunisə, Fransa, İtaliya, Əlcəzair və Liviya sahillərinə çatıb.
Zəhərli qaz insan bədəni ilə kontaktda, xüsusən astma və bronxit xəstəliklərindən əziyyət çəkən adamlarda tənəffüs yollarını qıcıqlandıra və nəfəs almaqda çətinlik yarada bilər.
İspaniyanın Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, Kumbre-Vyexa vulkanının püskürməsi nəticəsində La-Palmanın yerləşdiyi Kanar adaları arxipelaqı yaxın saatlarda turşu tərkibli yağışa məruz qalmalıdır.
Vulkan püskürməsi artıq 166 hektar ərazini əhatə edib və 350 evi dağıdıb. Vulkanın doqquz püskürmə nöqtəsi müşahidə edilib, onlardan dördü hələ də aktivdir.
Regionda vulkanik təhlükənin ən yüksək - “qırmızı” dərəcəsi elan olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid