İDMAN
İsrail gimnastları dünya çempionatının fərdi proqramında lentlə yarışlarda fərqləniblər
Bakı, 18 sentyabr, AZƏRTAC
Bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramda D qrupunda lentlə təsnifat yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan çempionatın D qrupunda 35 gimnast yarışıb. Uğurla çıxış edən İsrail gimnastları ilk iki pillədə yer alıblar. Linoy Aşram 21,150 xalla qrupda birinci, Nikol Zelikman isə 19,350 xalla qrupda ikinci pillədə qərarlaşıblar. İlk üçlüyü Rumıniya idmançısı Denisa Mailat 18,500 xalla tamamlayıb.
Dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparır. Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.