SİYASƏT
İsrailli sabiq nazir: İsrail xalqı Heydər Əliyevin təcrübəsindən yararlanaraq daxili təhlükələrdən xilas olmalıdır
Bakı, 17 iyun, AZƏRTAC
İsrailin ingilis dilində nəşr olunan və bütün dünyada geniş oxucu kütləsinə malik “The Jerusalem Post” qəzetində “İsrail RAAM-a güvənməyə son verməlidir” sərlövhəli məqalə dərc edilib.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, İsrailin sabiq rabitə, kiber və peyk naziri Ayub Karanın müəllifi olduğu məqalədə hazırkı koalision hökumətdə təmsil olunan RAAM partiyasının destruktiv fəaliyyəti səbəbindən adıçəkilən partiyaya formalaşdırılacaq növbəti hökumətlərdə etimad göstərilməməsi zərurətindən bəhs edilib. Eyni zamanda, qeyd edilib ki, 1990-cı illərin əvvəllərində analoji böhranlı vəziyyətlə üzləşmiş Azərbaycan Ermənistanın təcavüzü nəticəsində ərazisinin 20 faizini itirib, ölkədə çoxsaylı terror aktları törədilib, ovaxtkı hakimiyyət isə yaranmış vəziyyətin öhdəsindən gələ bilmədiyi üçün ölkə vətəndaş müharibəsinin astanasında olub.
Məqalədə Azərbaycan xalqının dəvəti ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin böyük müdrikliyi sayəsində böhrana son verildiyi, ölkədə vəziyyətin kəskin şəkildə yaxşılaşdığı və ən başlıcası, vətəndaş müharibəsinin qarşısının alındığı diqqətə çatdırılıb. Bildirilib ki, İqtisadi Sülh Mərkəzi Ulu Öndərin irsinin şərəfinə Dona Qrasia Diplomatiya Mərkəzi ilə birlikdə cari ilin iyunun 29-da İsrailin Netanya şəhərində yerləşən Bet-İsrael sinaqoqunda Azərbaycanın Qurtuluş Gününü qeyd etməyi planlaşdırır.
Müəllif hesab edir ki, ölkəsinin düşdüyü hazırkı böhranlı vəziyyətdən yeganə çıxış yolu milli birlik yaradılmasının Heydər Əliyev yoludur və İsrail xalqı məhz Heydər Əliyevin sözügedən təcrübəsindən yararlanaraq daxili təhlükələrdən xilas olmalıdır.